Reklam verin!

Blog Haqqında

Şəbnəm
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Peyk TV antennaların satışı və quraşdırılması

Başqa keçidlər

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?





Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 9563
  • Dünənki hit: 500
  • Bugünki hit: 358
  • Ümumi hit: 49052


My BlogCatalog BlogRank

Müxtəlif

Sevgi ölüb..

Şəbnəm
Noyabr 25, 2008 13:14

 Çaxmasın ildırım,

 dayansın leysan,
 Bu gecə göz yaşım yusun  qəlbimi
 bu gecə ağlım dönsün,
 dönsün geriyə,
 dönsün ki bu ürəyə

 artıq yox güvən,
 dönsün ki,
 bu ürəyə yoxdur bir çarə.
 Artıq sevgi ölüb
 bunu anlasın,
 bu gecə var yasım
 qara bağlasın!


Şərhlər(9)
92 oxunma
Şerlər

Səssizliyin səsi bərkdi.

Şəbnəm
Noyabr 15, 2008 16:31

 

Daha bir günüm yenə keçdi. Sakitcə-sakitcə gün əlimdən tutub, məni qaçdığım gecənin ağuşuna atdı yenə. Gülməlidir, hara qaçıram ki... Axı gündüz də gecəyə tabedir, axı gecə güclüdür. Gecənin hökmü böyükdür. Yatmaq mümkün deyil. Düşüncələr, arzular, istəklər, xatirələr, sancılar... adamı rahat buraxmır. Mən gecə ilə tənhalığımın bu mübarizəsində uduzub, yenilib, dərdlərimlə baş-başa qalıb, sabahadək bu yorğunluğu çıxarmaq üçün çarpayıda o yana, bu yana fırlanıram, amma, nafilə. Yuxu yoxdur. Daha da yorğunluq, daha da qırıqlıq, daha da sönüklük. Səhər də ki, o sönüklüyün abu-havası qalır üstümdə. Yalançı bir baş qarışıqlığıdır ki, aldadır məni. İşə gedirəm, hər yer insanla dolu. Onlarla ünsiyyətdə olub, bu gün anında özümü unuduram. Gün ərzində işlərə başım qarışır, heç olmasa bu yorğunluq gecənin yorğunluğunu alıb aparır. Elə şirin gəlir ki, bu yorğunluq. Amma, gün ki bitir, yenə özünə qayıdırsan, yenə özünə qapılırsan. Yenə dörd divar, yenə sakitlik və bu sakitlikdə çənə bir saat, dayanmadan tik-tak, tik-tak, tik-tak deyə səs salaraq, bu səssizliyi pozur desəm, yalan olar. Bu, səssizliyi insana daha da sancır. Bəzən, o saatı götürüb bu divardan o divara çırmağım gəlir, amma...ehh.. Mənim gecəyə sözüm batmır, ha didinib, ha dururam, lakin, bu zalım gecədən qaça bilmirəm, bu gecəyə xəyanət edə bilmirəm. Yenə özümlə bərabərəm. Gecə məndən yuxunu alıb, məni tənhalıqla qidalandırır. Məhz buna görə də gecəyə düşmən kəsilmişəm. Bəlkə də gecə məsumdur, bəlkə də gecə günahsızdır. Tənhalığımın acığını ondan çıxıram. Bəzən özümü lənətləyirəm, bəzən dünyanı. Ən çox da məni bu dünyada yapa-yalnız, özümlə bərabər saxlayan bu gecəni. Öz-özümə özümü didirəm, bəs kim didəcək ki məni ürəkdən? Kimə bu haqqı verəcəm ki artıq? Indi oyuncaqlara belə etibarım yoxdur. O ki qaldı insan adlı məxluqlara. Çarpayının üstündə sakit-sakit oturmuş gözəl və yeganə gəlincik gözlərini mənə zilləmiş, qınayan biri kimi baxır. Qınama, gülüm! – deyirəm – əslində, sən oyuncaq deyilsən. Sən indi canlılardan da canlısan. Sən ki o xəyal-məyal xatırladığım uşaqlığımdan, bacımdan xatirəsən. Bir tək sən varsan indi yanımda. Zənn edirəm ki məni kimsə dinləyir, bu soyuq, bu qaranlıq, bu sakit otaqda, elə bil söhbət edirəm, danışıram səninlə.

Yox, yox, yox! Belə davam etməməlidir. Yox, bu gecə hər gecə olduğu kimi o yuxunu axtarmayacağam. Özüm onu qaçıracam. Hər gecə o bir dilim şirin yuxunu dönüb-dönüb axtarıram, amma tapammıram. Bu gecə yuxu gəlsə də qovacam. Qovacam onu bir payız küçəsində. Bu gecə, gecə məni mən də gecəni sevəcəm.

Eşidirsən gəlincik?! Bayırda əsən külək elə bil məni səsləyir. Deyirəm bu səssiz aləmimdə nə yaxşı, havanın, təbiətin səsi gəlir qulağıma. Nə yaxşı, onlar bu səssizliyi bir anlığa da olsa ört-bas edirlər. Bəzən özlərində məni uzaqlara-uzaqlara aparsalar da, bəzən özləri də bu tənhalığı şillə kimi üzümə vursalar da, indi onların səsi xoşdur mənə.  

Hə, bu gecə hay-küy olacaq, bu gecə şənlik olacaq. Hə, hə, hə, atacam özümü gecənin qoynuna. Gəzəcəm onlarla, gəzəcəm sabaha qədər. Yerlərə xalça olmuş sarı-qızılı yarpaqların pıçıltısını, ağacların məsum gülüşünü dinləyəcəm, yağışın rəqsini izləyəcəm. Yağış üzümə, belimə toxunacaq, məni rəqsə çağıracaq və mən də onlarla doyunca rəqs edəcəm. Sonra da üz tutacam sahilə doğru. Bayaq, mən ki, o yuxunun acığına ona üsyan edib, onu istəmirdim, amma, bəlkə də o yuxunu da gətirərəm dənizin laylasıyla. Ancaq, ey gəlincik, axı mən də sənin kimiyəm. Bəlkə də o laylaya da yatmaram heç. Sabahadək dinləyərəm, ana səsinə, ana laylasına həsrət kimi. Sabahadək dinləyərəm yar səsinə, nəğməsinə möhtac kimi. Qulaqlarım intizar çəkir. Bəlkə də bir gecə yetməz həsrətində olduğum səsləri dinləməyə, bəlkə yox, əlbəttə ki yetməz və mən heç yatarammı?!

Gəl gedək, ay gəlincik, gedək bu səssizlikdən! Bu an, bu səssizlik elə çığırır ki, beynim bu çığırtını kəsməkdən başqa bir şey düşünmür. Bu an, bu səssizlik ürəyimin pərdəsini qoparacaq. Bu an, bu səssizlik elə hayqırır ki canıma yetib artıq.

Gedək, ay gəlincik, bir an belə itirmədən, gəl qaçaq, indi gözləyənlər, indi səsləyənlər var!

Şərhlər(12)
129 oxunma
Hekayələr

Nyam-nyammm :)

Şəbnəm
Noyabr 4, 2008 23:37

Salam əziz dostlar!

Deyirəm varam daa, qürbətdə yaşayıb, amma, yenə də Vətənini həqiqətən sevməkdə davam edən, onun üçün nəsə etməyə çalışan vətəndaşlarımız üçün. Yoxsa mənim kimi? Danışmaqdan, yazmaqdan başqa bir işim yoxdur. Nə isə halal olsun deyirəm. Bir çox bloqlarımız sırasında mətbəxə həsr edilən bloqlar var, hansı ki bunlardan çoxlarınız agahsınız. Biri məhz elə Ayşe Nur bacının "Yaşasın Yemek yemek" bloqu, hansı ki, ikiəlli dəstəkləyir, ləziz nəticələr verən reseptləri ilə faydalanıram.

Bu dəfə də yeni yaranmış bir bloqu sizə tanıtmaq istəyirəm. Bloq “Fəridənin yemək kitabı” adlanır. Mən Fəridə ilə blogcatalog ünvanimda tanış olmuşdum. O vaxtlar onun mətbəxlə bağlı bloqu hələ ingilis dilində idi. İş orasındadır ki, Fəridə ABŞ-ın Kaliforniya Ştatının Lonq Biç Şəhərində yaşayır və Azərbaycan mətbəxini orada təmsil edir. Sonra isə mən və mənim kimi bəzi insanların xahişi ilə Fəridə sevə-sevə bloqunun Azərbaycan dilli versiyasını da hazırladı və bu yaxınlarda netçilərin istifadəsinə verdi ki, faydalanalar.

  

 

 

Çox sağ ol deyirəm.

  

Bununla yanaşı Fəridə ABŞ-da Azərbycan Kulinarıyasına aid kitabının nəşrinə hazırlaşır. Çox gözəl bir işdir bu. Onu alqışlayır və uğurlar diləyirəm.

Qayıdaq bloqa. Bloq tək zəngin Azərbaycan mətbəxinin təamlarından yox, eləcə də dünya mətbəxi və Fəridənin öz icadlarından ibarət olan pişkintilərlə sizin diqqətinizə həvalə olunur. Haydı bir göz atın, inanıram ki, siz də oranın daimi qonağına çevrilərsiniz. Ya da sakininə.


Şərhlər(21)
161 oxunma
Həyata baxış

Bu gün yaşdı!

Şəbnəm
Oktyabr 31, 2008 18:50

Bu gün yaşdı,  yağış yağır,
yetişdirir dərdi yenə.
Yalvarıram 
dönə-dönə -
yağma belə!
Dinləyən kim?
yağışın da qəlbi daşdı.
Yağdı yağış..
Əlbəttə ki, 
nə dinləsin?
Kədərimin kökü yaşdı
Dərdim yenə çiçək açdı,
Qədərimin kökü yaşdı..

 

Ehh...
Quruyurdu xatirələr 
yavaş-yavaş..
Yaşdı bu gün
Yağdı, 
elə yağdı ki,
canlandı o xatirələr
daşdı bu gün!

Bu gün yaşdı 
yağış mənə şillə vurur.
Hanı günəş,
hanı o nur?
hanı axı,
hanı qürur?
Arxadanda daha zərbə,
axı günəş niyə susur?
Qorxudurmu?
rəngi qaçıb günəşimin..
İşıqsızdır,
hər yer bozdur..
Yox, yox,
anladım ki,
doğmayacaq bu gün günəş.
Yağışım bezdirib onu,
bu gün yaşdı
günəşə dinclik gərək..
Anladım ki günəş çaşdı..

Bu gün yaşdı,
hələ yağır,
dayanmadan,
şırhaşırla.
Qəlb ağlayır, 
zırhazırla
gülün, 
keçin!
2 il ötür tanışlıqdan,
1-il ötür ayrılıqdan
Yuyuram mən göz yaşımla...
Yaşdı bu gün
Sizdə gəlin,
təbrik edin!



Şərhlər(16)
97 oxunma
Şerlər

Beynəxalq dostluq mükafatı

Şəbnəm
Oktyabr 29, 2008 22:39

 

 

 Salam dostlar..

Bu yazımda bloqlar arasında dostlar tərəfindən hədiyyələndirilən bloqlar yer alacaq. Üzürlü hesab edin ki, gec yazıram.. Bu qız da elədirdəə. Amma bəzən gec-gec yazı yerləşdirsəm də mənim də bloqum Esmanur bacı tərəfindən dəyərləndirilib, mükafatlandırıldı. Çox sağ ol bacım, sənə minnətdaram. Amma, gərək çalışam ki, bu mükafatı doğruldam, boş yerə olmasın..

Bildiyim qədəri ilə mükafat ilk olaraq İspanıyada işıq üzü görüb, yəni verilməyə başlayıb və beləcə yer kürəsində fırlanaraq, çoxlarına qazandırılıb. İnternet belədirdəə, dünya ilə əlaqə.. İndi mən də bu mükafatla bloqçu dostlarımı hədiyyələndirməliyəm. Qayda belədir..

Mən də öz növbəmdə bu bloqları mükafatlandırıram:):

Söz vaxtı

Sözün düzü

İslam, Haqq Din

Hər şey paylaşdıqca gözəldir!

Arazoğlu webloguna xoş gəlmisiniz!

Psixologiya haqqında hər şey burada!

 

Terapevt - Pulsuz tibbi terapevtik Konsultasiya

 

Mükafat beynəlxalqdır və inanıram ki, yerli və xarici çoxlu maraqlı bloqlar var. Amma, onlarla da zamanla tanış olaram inşallah.

Kimi isə unutdumsa, yazmadımsa, inciməsinlər, xahiş edirəm.. Bütün dostlarım bilin ki, hər biriniz diqqətə layiqsizniz..  


Şərhlər(15)
125 oxunma
Həm haqqımda, həm asudə

Toy tuturam:)

Şəbnəm
Oktyabr 17, 2008 16:24

Dünən bir bacımla söhbət edirdik. Deyim ki, söz-sözü elə çəkdi ki, ümumiyyətlə, aləmi qatdıq bir-birinə. Nə isə düşüncə düşüncəni, söz sözü dartıb gətirdi toylarımıza. Biz də başladıq toylarımızın qulağını cınqıldatmağa. Düşündüm ki, bu barədə də bir yazı yazım.

 

Mən şənlikləri, toyları çox sevirəm. Amma, nə yalan deyim, nə qədər sevsəm də,  boynuma alınası çox məqamlar var ki, bunlar heç də göz oxşamır. Əksinə, bəzilərimizi o toya getməkdənsə, getməmək fikri bürüyür. Maşallah Azərbaycan dolub, daşır şadlıq saraylarıyla. Gündə bir saray tikilir. Arada düşünürəm, hayıf deyil toyxana (palatka) toyları?! Amma, belə getsə zamanla bunlar da unudulub gedəcək. Çünki, artıq rayonlarımızda da şadlıq sarayları mövcuddur və əhalinin əksər hissəsi bu yolu seçirlər.

 

Şadlıq Sarayının bir işi yaxşıdır ki, əlini-qolunu sallayıb, saraya girib, toyunu edib, qayıdırsan evinə. Toyxana toyunda çəkilən əziyyət toy yiyəsi üçün burda yoxdur. Amma, elə yəqin bu əziyyətin ləzzətidir ki, toyxanalar daha əziz və şirindir. Şadlıq Sarayı da ki, gözəl olsa da dadı o dad deyil. Necə ki, çaynik, samovar çayının dadını vermir. Bir şey də var ki, toyxanaları nə qədər çox bəyənsəm də, Şadlıq Saraylarını da pisləmirəm, o halda ki, hər şey yaxşı ola..

 

Əslində uşaq vaxtı toyxanaları heç sevməzdim, yeni-yeni yaranan şadlıq sarayları mənim üçün daha gözəl, rahat və maraqlı görünərdi. İndi isə bir toy ərəfəsində kəndə getdiyim zaman oradakı abu-hava elə şirin olur ki, nə qədər danışsam az olar. Toy günü açıq havada nənələrin hərəsi bir qazan qarşısında yemək bişirmələri, kişilərin ət doğrayıb, kabab çəkmələri və s. ətrafı tüstünün bürüməsi adamda tamam başqa təəssüratlar yaradır.

 

 

 

Hmm...toyxanalar daha doğmadır, daha şirindir mənə.

 

Bəs şadlıq evlərinin nəyindən danışım? Tamadanın ardı-arası kəsilmədən atadan tutmuş, əminin qonşusunun qardaşınacan hamını söz deməyə çağırmasındanmı? Qulağı deşən, keyfiyyətsiz musiqi aparatlarındanmı? Süfrəyə düzülmüş, bər-bəzəkli, amma, ləzzətsiz, köhnə yeməklərdənmi? İnsanların özünü aparmasından, yoxsa gəlinlərinlərdənmi? Heç bilmirəm hansından danışım.

 

Bu sadaladıqlarım təbii ki, bütün şadlıq evlərinə, bütün insanlara aid deyil və toyxanalarda da belə şeylərin bəzilərinin olmadığını da iddia etmirəm. Sadəcə olaraq günümüzdə bu hallara daha çox şadlıq evlərində rast gəlinir. Keyfiyyətsiz aparatları, dadsız yeməkəri, tamadanı qoyuram bir kənara, bəs ədəb-ərkan?!  Bunlar da itib getsə necə olacaq?

 

Diskotekalar və bu disko musiqi sədaları altında gəlinlərin “ipatdı” oynaması 10 toydan 6-da mütləq yaşanan bir vəziyyətdir. Demirəm ki, diskoteka olmasın. Gənc nəsildir, qanı qaynayır, şənlənirlər. Sözümü gəlinlərin rəqs tərzinə gətirmək istəyirəm. Düşünürəm ki, hayıf deyilmiydi əvvəlki zamanların bəzi qayda-qanunları. Heç qayda-qanun da deyil, sadəcə olaraq utancaqlıq, ədəb-ərkan, böyük, kiçiyin yerini bilmək. Ona görə hayıfdır ki, bunlar artıq itib gedir, yox olur. Gəlinin üzü görünməzdi, qırmızı şal ilə örtülərdi. Düşünən varmı niyə? Amma, indi bəzi gəlinlər özlərini elə aparırlar ki ... Ata, baba, əmi, qardaş – onları düşünən yoxdur..

 

Nə olsun ki, müasirləşmişik, nə olsun ki, zəmanə dəyişilib, nə olsun ki, “mən belə istəyirəm”. Nə üçün biz bu müasirliyi müasirliyin nə demək olduğunu anlamadan yaşayırıq. Müasirliyi yəqin ki, başqa cürə başa düşürük ya da mən başqa cürə qavrayıram. Nə isə sözüm müasirlikdən deyil, əslində bu barədə də ayrıca  bir yazı yazmaq olar.

 

 P.S. heç kimin xətrinə dəymək istəmirəm, amma, bu da mənim düşündüklərimdir. Allah hamını xoşbəxt eləsin! 


Şərhlər(11)
127 oxunma
Həyata baxış


  Yazılar cəmi: 55    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com